Avqustun 22-də (bu gün) yayılan açıqlamada bildirilib ki, Türkiyə “Google”un “Play Store” ödəniş xidmətləri ilə bağlı fəaliyyətinə dair istintaq başladıb.
Türkiyə Rəqabət Qurumunun məlumatına görə, Rəqabətin Qorunması Haqqında Qanunun (4054 saylı qanun) 41-ci maddəsinə əsasən, “Google”un bu qanunu pozub-pozmadığını müəyyənləşdirmək üçün araşdırma başlanıb.
İstintaqın əsas mövzusu “Google”un “Play Store”da tətbiq yayımlamaq istəyən proqramçılara ancaq öz ödəniş sistemi – “Google Play Billing” (GPB)-dən istifadəni məcbur etməsi və onların istifadəçilərə alternativ ödəniş kanalları barədə məlumat verməsini qadağan etməsi ilə bağlı iddialar yer alır.
“Mobil Ekosistemlər Sektor Araşdırması” çərçivəsində aparılan ilkin yoxlama, “Google”un tətbiq proqramçılarına ödəniş xidmətləri sahəsində məhdudiyyətlər qoyduğu şübhəsini ortaya çıxarıb.
İlkin araşdırmada müəyyən olunub ki, “Google” tətbiqdaxili alışlarda təkcə GPB sistemindən istifadəyə icazə verir və proqramçıların istifadəçilərə digər ödəniş üsulları haqqında məlumat təqdim etməsinə imkan tanımır.
Bu ilkin araşdırmadan sonra “Google” barəsində daha genişmiqyaslı istintaq açılmasına qərar verilib.
Qurum əlavə edib ki, istintaq başlanması “Google”un mütləq şəkildə qanunu pozduğu və ya cərimələnəcəyi mənasına gəlmir.