“Declassifieduk.org” saytında dərc edilən məlumata əsasən, İsrail bu ayın əvvəlində fələstinli jurnalist Ənəs əl-Şərifi öldürdükdə, “Reuters” xəbər agentliyi “İsrail “Həmas” lideri olduğunu iddia etdiyi “Al Jazeera” jurnalistini öldürdü” başlıqlı xəbər yayımlayıb.
Məqalədə qeyd olunur ki, bu başlıq Ə.Şərifin əvvəllər “Reuters” xəbər agentliyi üçün işlədiyi faktına baxılmayaraq seçilib. Halbuki o, 2024-cü ildə Pulitzer mükafatı qazanan “Reuters” komandasının üzvü olub.
Belə nümunələr internetdə etiraz doğurub, həmçinin 1851-ci ildə Londonda təsis edilən və hazırda gündəlik 1 milyarddan çox izləyicisi olan nüfuzlu qlobal xəbər agentliyinin bəzi əməkdaşları arasında da narahatlıq yaradıb.
Bir neçə “Reuters” əməkdaşı “Declassified”a şirkət rəhbərliyi və redaktorları arasında müşahidə etdikləri İsrail tərəfdarı qərəz barədə danışıb. Onların hamısı təzyiqdən ehtiyatlanaraq anonim qalmaq istədiklərini bildirib. Hətta, həmkarlardan biri 2024-cü ilin avqustunda istefa verib və iş yoldaşlarına göndərdiyi məktubda belə yazıb:
“İsrail-Həmas müharibəsi adlandırdığımız xəbərləri izlədikcə, dəyərlərimin şirkətin dəyərləri ilə üst-üstə düşmədiyini gördüm. Bir neçə həmkarımla birlikdə rəhbərliyə göndərdiyimiz açıq məktubda “Reuters”in əsas jurnalist prinsiplərinə sadiq qalacağına ümid edirdim. Amma indi başa düşürəm ki, bunların hamısı boş ümidlərdi.”
“Reuters”in baş kommunikasiya direktoru Heder Karpenter isə “Declassified”a açıqlamasında bu məktubu heç vaxt almadıqlarını deyib.
Məsələ ilə bağlı “Reuters”dən bir başqa mənbə isə belə deyib: “7 oktyabr hücumundan bir neçə həftə sonra bir qrup jurnalist verdiyimiz xəbərlərin obyektiv olmadığını başa düşdü.”
“Declassified”ın əldə etdiyi daxili araşdırmada, 7 oktyabr – 14 noyabr 2023 tarixləri arasında yayımlanan “İsrail-Fələstin” işarəli 499 xəbər təhlil edilib.
Nəticədə, fələstinliləri təsirləndirən xəbərlər əvəzinə israilliləri təsirləndirən mövzulara daha çox yer ayrıldığı müşahidə olunub. Bu dövrdə Qəzzada 11 minə yaxın fələstinlinin öldüyü bildirilmişdi ki, bu da İsraildə ölənlərin sayından təxminən on dəfə çox idi.
Qeyd edək ki, hazırda Qəzza Səhiyyə Nazirliyinə görə, ölüm sayı təqribən 62 mindir, lakin əsl rəqəmlərin üç dəfə çox olması ehtimal olunur.
Jurnalistlər həmçinin “Reuters”in, ekspertlərin İsrailin Qəzzada soyqırımı törətdiyi iddialarını niyə kifayət qədər işıqlandırmadığını sorğulayıblar və bunu agentliyin Rusiyanın Ukraynadakı davranışlarına dair xəbərləri ilə müqayisə ediblər.
Onların şikayətlərinə görə, “Fələstin” ifadəsinin istifadəsinə qoyulan qadağa da qərəzin açıq nümunəsidir.
“Reuters” rəhbərliyi isə “Declassified”ın qurum daxilindəki araşdırmasıyla bağlı tənqidləri qəbul edilib-edilməməsi ilə bağlı suallarını cavabsız qoyub.
“Tənqidi olmayan jurnalistika”
Bununla belə, bu ilin may ayına qədər əvvəlki daxili tənqidlər fonunda stil qaydalarında bəzi dəyişikliklər müşahidə olunub.
“Reuters”in qlobal xəbər redaksiyasında keyfiyyət və stil redaktoru Hovard S.Qoller Yaxın Şərq münaqişəsi ilə bağlı “stil yeniləməsi” adlı yeni qaydalar tərtib edib. Buna əsasən, jurnalistlərə “soyqırım” ifadəsini təkcə istinadla işlətməyə icazə verir.
“Declassified”ın təhlilinə görə, 21 iyun – 7 avqust tarixləri arasında yayımlanan 300 xəbərdən ancaq 14-də “soyqırım” ifadəsi işlədilib. Əvəzində “müharibə”, “kampaniya”, “toqquşma”, “gərginlik”, “hücum” kimi terminlərə üstünlük təşkil edib.
Soyqırım ifadəsi işlədildikdə isə demək olar ki, hər dəfə İsrailin inkarı ilə yanaşı verilib. Halbuki Sudan və ya Rusiya kimi digər tərəflərlə bağlı xəbərlərdə belə yanaşma müşahidə olunmur.
Qəzzada soyqırım və digər insanlığa qarşı cinayətlərin işıqlandırılmasında tətbiq edilən ikili standart da daxili işçi araşdırmasında vurğulanıb.
Məsələ ilə bağlı sosial şəbəkələrdə “başlıq redaktoru” kimi tanınan Yaxın Şərq üzrə tarixçi Dr. Asal Rad “Declassified”a müsahibəsində deyib: “Bu kimi yanaşmalar əslində soyqırımın inkarıdır.”
Onun sözlərinə görə, “Reuters” beynəlxalq ekspertlər və təşkilatlar arasında İsrailin soyqırımı törətdiyi barədə ortaq qənaət mövcud olmasına baxmayaraq, Qəzzadakı vəhşilikləri “müharibə” və ya “hərbi kampaniya” kimi təqdim edir və İsrailin qanunsuz məskunlaşdırma siyasətini tamamilə görməzlikdən gəlir.
Bundan əlavə, Hovard S.Qollerin tədbiq etdiyi yeni qaydalara görə, Qəzza müharibəsinə aid məlumatlarda əsasən İsrailin baxış bucağını əks etdirən detalları təqdim olunur.
Məsələn, 27 may tarixində “The Lancet” jurnalının araşdırmasına yer verilməyib. Halbuki bu hesabatda Qəzzadakı hazırkı münaqişədə 186 min və ya daha çox ölümün olduğu ehtimalı qeyd olunurdu.
Həmçinin Qəzzanın 1861-ci ildəki ABŞ Vətəndaş müharibəsindən bəri jurnalistlər üçün ən ölümcül münaqişə bölgəsi olduğu faktı da qeyd edilməyib.
Keçən ilin avqustunda BMT-nin keçmiş insan haqları vəkili Kreyq Moxiber Mondvays yazdığı məqalədə deyir: “Qərb media qurumlarının hadisə yerində baş verənləri bilmədiyini iddia etmək inandırıcı deyil. Onlar soyqırımı izləyicilərindən gizlətməyi, fələstinli qurbanları sistematik şəkildə insanlıqdan çıxarmağı və israilli cinayətkarları məsuliyyətdən qorumağı şüurlu şəkildə edirlər.”
Bu ilin mayında isə israilli jurnalist Gideon Levi “Haaretz” qəzetində yazıb:
“Cəsur və düzgün bir media olsaydı, bu hərbi əməliyyatın qarşısını ala bilərdi. Amma bizdə demək olar ki, belə bir media yoxdur.”
Bütün bu iddialara qarşı öz növbəsində “Reuters”in sözçüsü “Declassified”a açıqlamasında belə deyib: “Xəbərlərimizin “Thomson Reuters” etibar prinsiplərinə uyğun olaraq ədalətli və qərəzsiz olduğuna inanırıq. Bir çox redaksiyada olduğu kimi, müharibə xəbərlərimiz də, öz əməkdaşlarımız daxil olmaqla, diqqətlə izlənilir və müxtəlif tərəflərdən rəy alırıq.”