Bölgədə "YouTube", "Gmail" və "Google Maps” kimi platformalarda milyonlarla istifadəçiyə təsir edən nasazlıq barədə məlumat verildikdən sonra "Google" xidmətlərinə giriş bərpa edilib.
Məşhur internet resurslarının işini izləyən "Downdetector" Türkiyə vaxtı ilə səhər saat 10.00 (GMT 07.00) radələrində nasazlıq xəbərlərinin artdığını bildirib. İstifadəçilər "Chrome" və "Google Translate" daxil olmaqla bir çox "Google" xidmətlərinə daxil olmaqda çətinlik çəkiblər.
Nasazlıq təxminən bir saat davam edib və GMT saat 08.00 radələrində normala qayıtmağa başlayıb.
Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan nasazlığın Türkiyə və Avropanın çox hissəsinə təsir etdiyini təsdiqləyib.
Ömer Fatih Sayan "Google", "Android" və əlaqədar xidmətlərinin Türkiyə və Avropanı əhatə edən problem yaşadığını ifadə edərək, "Milli Kiber Hadisələrə Müdaxilə Mərkəzimiz "Google"dan nasazlıq ilə bağlı texniki hesabat tələb etdi. Vəziyyəti yaxından izləyirik" deyib.
"Google" hələ ki, nasazlığın səbəbi ilə bağlı açıqlama verməyib.
Problem izləmə saytı "Outage Report" etdiyi paylaşımda bildirib: "Hesabatlar GMT ilə saat 07:10-da çoxalmağa başladı və son bir saat ərzində davam etdi. Nasazlıq zamanı Türkiyə, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Xorvatiya, Serbiya, Ermənistan, Rumıniya, Hollandiya, Almaniya və digər 38 ölkədən xəbərlər aldıq".
Bəzi istifadəçilər də nasazlıq zamanı "Spotify"a daxil olmaqda problemlərin olduğunu bildiriblər.