ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
Türkiyə yeni təyyarədaşıyan gəmisi ilə Fransanı geridə qoyur
MUGEM layihəsi ilə Türkiyə “Charles de Gaulle” gəmisini geridə buraxaraq seçkin təyyarədaşıyan ölkələr sırasına qoşulmağa hazırlaşır
Türkiyə yeni təyyarədaşıyan gəmisi ilə Fransanı geridə qoyur
Türkiyə "TCG Anadolu" / AA
bir gün əvvəl

Fransanın “Le Figaro” qəzeti məlumat yayıb ki, Türkiyənin yeni Milli Təyyarədaşıyan Gəmi layihəsi ilə birlikdə dənizçilik qabiliyyətləri Fransanın “Charles de Gaulle” gəmisini geridə qoymağa hazırlaşır.

Sentyabrın 2-də dərc olunan yazıda ötən həftə dünyanın ən böyük Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı olan TEKNOFEST-də prezident Rəcəb Tayyib Ərdoğanın Milli Təyyarədaşıyan Gəmi layihəsinə dair rəsmi açıqlamasına diqqət çəkilib.

“Böyük bir layihə” kimi təqdim edilən Milli Təyyarədaşıyan Gəminin 285 metr uzunluqda, 72 metr enində və 60 min tondan artıq həcmə malik olacağı bildirilib.

Bu barədə “Le Figaro” qəzeti dərc etdiyi yazıda deyib: “Bu gəmi, Aralıq dənizinin əsas qüvvəsi olan, 261 metr uzunluğa və 42 min 500 ton ağırlığa sahib Fransa gəmisi “Charles de Gaulle”-ni açıq şəkildə geridə qoyacaq”. Yazıda əlavə olunub ki, Türkiyə bu layihə ilə dəniz müdafiəsində güclü təsir yaratmağı hədəfləyir.

MUGEM (Milli Təyyarə Gemisi) adlandırılan gəminin 2027–2028-ci illərdə dənizə endirilməsi, 2030-cu ilə qədər isə istismara verilməsi planlaşdırılır. Gəmidə həm döyüş təyyarələri, həm də qabaqcıl pilotsuz uçuş aparatları (PUA) yerləşdiriləcək.

Xəbərdə həmçinin bu gəminin Türkiyənin ilk yerli dizayn və istehsal təyyarədaşıyan gəmisi olacağı, ölkənin dənizçilik qabiliyyətlərində mühüm mərhələ təşkil edəcəyi vurğulanıb.

MUGEM layihəsi Türkiyənin Aralıq dənizində və qlobal dəniz məkanında mövqeyini gücləndirməyi hədəfləyir.

“Le Figaro” qəzeti mühəndis leytenant Aykut Demirezənin açıqlamasına istinadla bildirib ki, gəmi inkişaf etmiş hidrodinamik dizaynı sayəsində Türkiyə ilə Nyu-York arasında yanacaq doldurmadan səyahət edə biləcək.

Hesablamalara görə, gəminin gövdə quruluşu yanacaq sərfiyyatını təxminən 1,5 faiz azaldacaq və əməliyyat səmərəliliyini artıracaq.

Gəminin təxminən 50 təyyarə daşıya biləcək şəkildə layihələndirildiyi vurğulanıb. Bura həm döyüş təyyarələri, həm də pilotsuz uçuş aparatları daxildir.

Qərb ölkələrindəki təyyarədaşıyan gəmilərdən fərqli olaraq, MUGEM ilk gündən etibarən aşağı görünürlüklü, təyyarədaşımaya uyğun, reaktiv mühərrikli pilotsuz uçuş aparatları KIZILELMA və ANKA 3 ilə tam uyğun dizayn ediləcək.

Bundan başqa, MUGEM komponentlərinin 80 faizindən çoxu yerli istehsal olan Türkiyənin süpersonik qabaqcıl təlim və yüngül döyüş təyyarəsi HÜRJET-ə də ev sahibliyi edəcək.

Qəzetdə R.T.Ərdoğanın açıqlamalarına da yer verilib və 231 metr uzunluğa malik pilotsuz uçuş aparatı daşıyan amfibi hücum gəmisi “TCG Anadolu”nun belə bu layihə qarşısında kölgədə qalacağı qeyd olunub.

Məqaləyə görə, əgər təqvim planlaşdırıldığı kimi irəliləsə, Türkiyə ABŞ, Rusiya, Fransa və Çin kimi bu sahədə təyyarədaşıyan gəmilər istehsal edə bilən “seçkin ölkələr” sırasına qoşulacaq.

MƏNBƏ:TRT
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us