Əfqanıstan dövlət rəsmilərinin bildirdiyinə görə, Kabildəki Arğandi qovşağında sərnişin avtobusunun aşması nəticəsində təxminən 25 nəfər həlak olub, 27 adam yaralanıb. Hadisə barədə avqustun 27-də açıqlama verən ölkə rəsmiləri bildiriblər ki, qəza paytaxt Kabil yaxınlığında baş verib.
“Tolo News” telekanalının yaydığı məlumata görə, Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Qani qəzanın avqustun 26-da gecə saatlarında cənub Qəndəharı Kabillə birləşdirən avtomobil yolu boyunca Arğandi bölgəsində baş verdiyini açıqlayıb. Onun sözlərinə görə, sürücünün səhlənkarlığı nəticəsində avtobus yoldan çıxaraq aşıb.
Taliban hökumətinin mətbuat xidmətinin katibi Zabihullah Mücahid isə “Anadolu” agentliyinə açıqlamasında, qəza nəticəsində ölən və yaralananların ümumi sayının 44 nəfər olduğunu bildirib.
Qeyd edək ki, ötən həftə də oxşar faciə qeydə alınmışdı. İran istiqamətindən qayıdan miqrantları daşıyan bir avtobus Herat vilayətində, Herat–İslamqala avtomobil yolunda yük maşını və motosikletlə toqquşaraq alovlanmışdı. Həmin qəza nəticəsində aralarında 19 uşağın da olduğu 79 nəfər həlak olmuşdu.
Əfqanıstanda ölümcül yol qəzaları, zəif infrastruktur və sürücülərin diqqətsizliyi səbəbindən hələ də tez-tez yaşanan faciələrdən biri olaraq qalır.