ABŞ Milli Qvardiyasının Vaşinqtondakı əsgərləri silah daşımağa başlayıb. DC-nin sözçüsü bildirib ki, paytaxt və altı ştatdan gətirilən qvardiyaçıların “M4 avtomat karabinləri” və “M17 tapançaları” da daxil olmaqla standart silahlarla təchiz ediləcəyi nəzərdə tutulub.
Avqustun 24-də Pentaqonun yaydığı açıqlamada, “təhlükəsizlik tədbirləri çərçivəsində saxlanmaların ola biləcəyi və bunun həbslərə yol aça biləcəyi” vurğulanıb. “The Washington Post” qəzetinə görə, bu qərar Vaşinqtonda polis işlərinin prezident Donald Trampın rəhbərliyi ilə federal nəzarətə keçdiyini göstərir. Nəticədə ordunun şəhərdəki rolu daha da genişlənib.
Bundan əlavə açıqlamada qeyd edilib ki, Milli Qvardiya üzvləri ancaq “ölüm və ya ciddi bədən xəsarəti təhlükəsi” yaranacağı halda güc tətbiq etmək səlahiyyəti daşıyırlar. Açıqlamada deyilir: “Milli Qvardiyanın vəzifəsi Vaşinqtonda yerli və federal hüquq-mühafizə orqanlarına dəstək missiyasını gücləndirməkdir. Qvardiya ictimai təhlükəsizliyə sadiqdir.”
Qeyd edək ki, bu qərar ABŞ müdafiə naziri Pit Heqsetin və prezident D.Trampın cinayətkarlığa qarşı mübarizə təşəbbüsü çərçivəsində paytaxta göndərilən Milli Qvardiya bölmələrinin silah daşımasına razılıq verməsindən sonra qəbul edilib.
Məlumata əsasən paytaxtdakı qüvvələrə dəstək üçün Qərbi Virciniya, Cənubi Karolina, Missisipi, Ohayo, Luiziana və Tennessi ştatlarından 1.900-dən çox Milli Qvardiya üzvü səfərbər olunub. Respublikaçıların idarə etdiyi bu ştatlardan göndərilən hərbi birliklər artıq ötən həftədən etibarən Vaşinqtona yerləşdirilməyə başlayıb.