TÜRKİYƏ
2 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan Malazgirt Zəfərinin 954-cü ildönümünü qeyd edib
Malazgirt döyüşü türk xalqı tərəfindən Anadolunun türk yurdu halına gəlməsinin başlanğıcı kimi qəbul olunur
Prezident R.T.Ərdoğan Malazgirt Zəfərinin 954-cü ildönümünü qeyd edib
Rəcəb Tayyib Ərdoğan / AA
9 saat əvvəl

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt Zəfərinin 954-cü ildönümünü anmaq məqsədilə Bitlisin Ahlat rayonunda “Oxçular Vəqfi” tərəfindən təşkil olunan tədbirlərdə iştirak edib.

Tədbirin açılışında çıxış edən ölkə başçısı R.T.Ərdoğan bu zəfəri Türkiyənin taleyini müəyyən edən böyük bir dönüm nöqtəsi olduğunu bildirərək deyib: “Düz 954 il əvvəl, 1071-ci il avqustun 26-da Sultan Alp Arslanın rəhbərliyi ilə qazanılan Malazgirt Zəfəri tariximizin axarını dəyişdirdi. Bu zəfərlə birlikdə türk milləti Anadolu torpaqlarını əbədi yurd edinmə iradəsini ortaya qoydu, min ildən bəri davam edən köklü varlığının təməlini atdı. Bu gün bizə düşən ən mühüm vəzifə Malazgirt ruhunu yaşatmaq və bu müqəddəs mirası gələcək nəsillərə ötürməkdir. Çünki Malazgirt təkcə bir döyüşün deyil, millətimizin minillik qardaşlıq hüququnun, vətən sevgisinin və birlikdə var olma iradəsinin rəmzidir. Bu münasibətlə əziz millətimizin 26 Avqust Malazgirt Zəfərinin ildönümünü səmimi duyğularımla təbrik edirəm”.

Qeyd edək ki, 1071-ci il avqustun 26-da Səlcuqlar özlərindən sayca qat-qat çox Bizans ordusunu məğlub edərək Anadolunun qapılarını qalıcı türk hakimiyyətinə açdılar.

Bu döyüşün ildönümü türk millətinin dirənişini simvolizə etməklə yanaşı, vaxtilə Səlcuqların hərbi hazırlıq gördüyü bölgələrdə uzun müddətdir mövcud olan PKK təhdidini aradan qaldırmağı hədəfləyən “terror­suz Türkiyə” təşəbbüsü ilə də üst-üstə düşür.

Bundan əlavə avqustun 25-də (bu gün) prezident R.T.Ərdoğan Bitlisin Ahlat rayonunda istifadəyə verilən, Ankara xaricində inşa edilən ilk müasir Prezident Kompleksində Nazirlər Kabinetinin iclasına da sədrlik edib.

Malazgirt döyüşü öncəsində Səlcuq ordusunun hərəkət bazası kimi istifadə etdiyi Ahlat bu gün Muş vilayətinin ərazisində yerləşir.

Xüsusilə qeyd etmək lazımdır ki, Türkiyə tarixində mühüm döyüşlər məhz avqust ayında baş verdiyi üçün bu ay “zəfərlər ayı” kimi yaddaşlara həkk olunub. 30 avqust isə Türkiyədə rəsmi şəkildə Zəfər Bayramı kimi qeyd olunur.

MƏNBƏ:TRT
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us