BMT-nin məlumatına görə, vaxtilə xaricə qaçan yüz minlərlə suriyalı indi öz ölkələrinə qayıdıb.
Avropa İttifaqı Sığınacaq Agentliyi (EUAA) elan edib ki, Suriyada Bəşşar Əsəd rejiminin devrilməsindən sonra ölkə vətəndaşlarının Avropa İttifaqına (Aİ) sığınacaq üçün müraciətlərinin sayı ən aşağı həddə çatıb.
Agentliyin məlumatına görə, suriyalıların fevral ayında 27 üzv olan İttifaqa, eləcə də İsveçrə və Norveçə ümumilikdə 5000 müraciəti olub. Buna görə əvvəlki ayla müqayisədə 34 faiz azalma qeydə alınıb.
Aİ-nin miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunner “Sığınacaqla bağlı son rəqəmlər Avropa üçün digər regionlardakı sabitliyin nə qədər vacib olduğunu göstərir” deyib.
Qeyd edək ki, Suriyada uzun illər hakimiyyətdə olan Əsəd on ildən çox davam edən vətəndaş müharibəsindən sonra dekabrda ölkədə müxalifət qüvvələri tərəfindən devrildi.
BMT-nin məlumatına görə, xaricə sığınan yüz minlərlə suriyalı artıq evlərinə qayıdıb.
EUAA-nın açıqlamasına görə, fevral ayında 27 Aİ ölkəsi ilə İsveçrə və Norveçə təxminən 69 min sığınacaq müraciəti edildiyi halda, bu rəqəmin 2024-cü ilin oktyabr ayından etibarən azalmağa başlayıb.
Uzun müddət ən çox müraciət edən suriyalılar fevral ayında venesuelalılar və əfqanlardan sonra üçüncü yeri tutublar.
Ən çox müraciət Fransaya olub, onu İspaniya və illərdir ən çox müraciətin olduğu Almaniya izləyib.