Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukrayna böhranı 2014-cü ildə Kiyevdə baş verən və Qərb tərəfindən dəstəklənən çevriliş nəticəsində ortaya çıxıb. O, həmçinin Qərbin Ukraynanı NATO-ya çəkmək cəhdlərinin gərginliyi daha da artırdığını vurğulayıb.
V.Putin Çinin Tiencin liman şəhərində keçirilən 25-ci Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Zirvəsində çıxışı zamanı deyib: “Bu böhran Rusiyanın Ukraynaya hücumu nəticəsində deyil, Qərbin dəstəklədiyi Ukraynadakı çevriliş nəticəsində yarandı. Daha sonra bu çevrilişi qəbul etməyən bölgələrə və insanlara qarşı silahlı güc tətbiqi gərginliyi daha da artırdı”.
Kiyevdə NATO üzvlüyünə qarşı çıxan siyasi rəhbərliyin 2014-cü ildən sonra hakimiyyətdən uzaqlaşdırıldığını iddia edən V.Putin əlavə edib ki, Qərbin Ukraynanı alyansa daxil etmək səyləri Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid yaradır.
Rəsmi Moskvanın Ukrayna böhranına uzunmüddətli və davamlı həll axtardığını deyən Rusiya rəhbəri, bu həll yolunun böhranın kökündəki səbəbləri aradan qaldırmaqla mümkün olacağını bildirib.
V.Putin ŞƏT-i real çoxşaxəliyin yaradılması üçün “güclü lokomotiv” kimi dəyərləndirib və Şimali Amerika ilə Avropanın dominantlıq etdiyi dünya nizamı modellərinin artıq keçmişdə qaldığını vurğulayıb:
“Avropa mərkəzli və Avroatlantik modellərin əvəzində ən geniş ölkə spektrinin maraqlarını nəzərə alan bir sistem həqiqətən balanslı olar və bəzi dövlətlərin öz təhlükəsizliyini digərlərinin ziyanı bahasına təmin etməsinə imkan verməz”, - deyə prezident V.Putin bildirib.
Məsələyə Ukraynanın münasibəti
Məsələylə bağlı Ukrayna prezidenti Volodimir Zelenski avqustun 31-də açıqlamasında müharibəni istəyən tərəfin təkcə Rusiya olduğunu bildirmişdi.
V.Zelenski videomüraciətində Moskva rəhbərliyini qlobal atəşkəs çağırışlarına baxmayaraq müharibəni uzatmağa çalışmaqda ittiham edərək deyib: “Hazırkı Çin səfəri zamanı V.Putin bir daha məsuliyyətdən yayınmağa çalışacaq. Bu, onun ən çox məşğul olduğu oyundur”.
Ötən ay ABŞ-ın Alyaska ştatında ABŞ prezidenti Donald Tramp ilə keçirilən görüşdən sonra V.Putin zirvənin nəticələrini ÇXR rəhbəri Si Cinpin ilə müzakirə etdiyini və bunu “Ukraynada sülhə gedən yol açmaq cəhdi” adlandırdığını söyləyib. O, həmçinin Rusiyanın Ukrayna məsələsində Çin və Hindistanın təkliflərini də nəzərdən keçirəcəyini əlavə edib.
Bununla yanaşı, V.Putin və Hindistanın Baş naziri Narendra Modi sentyabrın 1-də (bu gün) Tiencində görüşüblər. Tərəflər Ukrayna müharibəsini müzakirə edərkən N.Modi sülhün təmin edilməsi üçün göstərilən bütün səyləri alqışladığını bildirib.
Xatırladaq ki, rəsmi Moskva 2022-ci ilin fevralında Kiyevə qarşı “xüsusi hərbi əməliyyat” başladıb. O vaxtdan bəri davam edən silahlı qarşıdurma minlərlə insanın ölümünə, milyonlarla ukraynalının isə öz yurd-yuvasından didərgin düşməsinə səbəb olub.