SİYASƏT
2 dəqiqə oxuma
Yuta Universitetində öldürülən siyasi fəal Çarli Kirk kimdir?
Donald Trampın yaxın müttəfiqi Yuta Universitetində tələbələrlə müzakirə zamanı silahlı hücuma məruz qalıb
Yuta Universitetində öldürülən siyasi fəal Çarli Kirk kimdir?
Çarli Kirk / Reuters
11 sentyabr 2025 г.

ABŞ prezidenti Donald Trampın yaxın müttəfiqi, “Turning Point USA” təşkilatının qurucularından olan tanınmış konservativ siyasi fəal Çarli Kirk Yuta Universitetində tələbələrlə keçirilən müzakirə zamanı silahlı hücuma məruz qalıb və həyatını itirib.

31 yaşlı Ç.Kirk iki övlad atası idi. O, “American Comeback Tour” adlı tədbirin ilk turunda tələbələrlə görüşərkən atəşə tutulub. Görüntülərdən məlum olduğu qədəriylə o, boynundan yaralanaraq yerə yıxılıb, tələbələr isə panika içində qaçıblar. Siyasi fəal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Gənclər arasında nüfuz qazanmış mühafizəkar

1993-cü il 14 oktyabrda Çikaqo şəhərində anadan olan Ç.Kirk gənc yaşlarından ictimai-siyasi fəaliyyətə başlayıb. 2012-ci ildə cəmi 18 yaşındaykən “Turning Point USA” (TPUSA) adlı qeyri-kommersiya təşkilatını təsis edib.

Onun rəhbərliyi altında TPUSA ABŞ-da ən böyük mühafizəkar gənclik hərəkatına çevrilib. Hazırda 3 mindən çox məktəb və universitetdə fəaliyyət göstərən təşkilatın 650 minə yaxın üzvü və 450-dən çox əməkdaşı var idi.

Bundan əlavə siyasi fəal Ç.Kirk həm də prezident Donald Trampın ən sadiq tərəfdarlarından hesab olunurdu. O, 2016 və 2020-ci illərdə Respublikaçıların Qurultayında, həmçinin 2025-ci ilin yanvarında keçirilən andiçmə mərasimində aktiv iştirak etmişdi.

Onun ölüm xəbərindən dərhal sonra D.Tramp “Truth Social” platformasında yazıb:
“Böyük, hətta əfsanəvi Çarli Kirk dünyasını dəyişdi. ABŞ-dakı gənclərin ürəyini heç kim ondan yaxşı anlaya bilməzdi. O, hər kəs tərəfindən, xüsusilə də mənim tərəfimdən sevildi və hörmətlə qarşılandı. Amma artıq aramızda deyil. O, mənim çox yaxşı dostum idi və möhtəşəm bir insan idi.”

 

İslam və müsəlmanlara qarşı açıqlamaları

Qeyd edək ki, Ç.Kirk xüsusilə İsrailə açıq dəstəyi ilə tanınırdı. O, 2023-cü ildən bəri Qəzzada aparılan soyqırımla bağlı İsrailin əsas tərəfdarlarından biri idi. Fələstinlilərin aclığa məhkum edilməsinə dair hesabatlar yayıldıqdan sonra belə o, bu iddiaları rədd edərək: “Xeyr, İsrail qəzzalıları ac qoymur”, – demişdi.

Ç.Kirk həmçinin İslam və müsəlmanlarla bağlı sərt bəyanatları ilə də mübahisələrə səbəb olub. O, müsəlmanları radikalçılıqda ittiham edir, İslamın Qərb dəyərləri ilə uyğun olmadığını bildirirdi.

MƏNBƏ:TRT
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us