Çin Xalq Respublikası (ÇXR) dövlət başçısı Si Cinpin bu ayın sonunda Rusiya prezidenti Vladimir Putin, Hindistanın Baş naziri Narendra Modi, BMT Baş katibi Antonio Quterreş və iyirmidən artıq hökumət başçısını qəbul edəcək. Rəsmi Pekin avqustun 22-də açıqlama verərək bildirdi ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iclası Çinin regional təsirini möhkəmləndirməyi hədəfləyən siyasi və təhlükəsizlik sammiti olacaq.
Dünya əhalisinin təxminən dörddə birini əhatə edən blokun liderləri 31 avqust – 1 sentyabr tarixlərində Tyantszin şəhərində keçiriləcək sammitdə əlaqələri dərinləşdirmək üçün yeni planlar açıqlayacaqlar. Bu məlumatları sammit hazırlıqları ilə bağlı keçirilən mətbuat konfransında Çin Xarici İşlər nazirinin müavini Liu Bin paylaşıb.
Qeyd edək ki, sammit Çinin son illərdə keçirəcəyi ən böyük hərbi paradlardan birindən cəmi bir neçə gün əvvəl baş tutacaq. Toplantı eyni zamanda ABŞ prezidenti Donald Trampın İsrail, Qəzza və ticarət tarifləri ilə bağlı siyasətlərinin bölgədə əsas rol oynayan aktorları Çinə daha da yaxınlaşdırdığı bir dövrə təsadüf edir.
Sammitə təşkilatın üzv dövlətləri ilə yanaşı, Türkiyə və Vyetnam kimi qonaq ölkələrdən də yüksək səviyyəli liderlər qatılacaq. Malayziyanın Baş naziri Ənvər İbrahim də toplantıya qatılmağı planlaşdırır. O, oktyabr ayında Kuala-Lumpurda D.Trampı və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının digər liderlərini qəbul etməzdən əvvəl sammitdə iştirak edəcək.
Çin Xarici İşlər nazirinin müavini Liu Bin mətbuat konfransında, dövlət başçısı Si Cinpinin çıxışına istinad edərək bildirib ki, ÇXR Şanxay Əməkdaşlıq Təşkilatının sabitliyini və əməkdaşlıq dinamikasını artırmağı, beynəlxalq mühitdə qeyri-müəyyən və proqnozlaşdırıla bilməyən amillərə cavab verməyi ümid edir.
Nazir muavini Liu Bin əlavə olaraq deyib: “Bu günün dünyasında hegemonluq və güc siyasətinin köhnə düşüncə tərzləri hələ də təsirini göstərir. Bəzi ölkələr öz maraqlarını başqalarının maraqlarının önünə qoymağa çalışaraq dünya sülhünü və sabitliyini ciddi şəkildə təhdid edir. Şanxay Əməkdaşlıq Təşkilatının sabitliyini və davamlılığını gücləndirərək qeyri-müəyyənliklərə və proqnozlaşdırıla bilməyən faktorlarla mübarizə apara, qalıcı sülh üçün əlverişli mühit yarada bilərik.”
Xatırladaq ki, 2024-cü ildə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı sammitində liderlər regional terrorla mübarizə, bərpa olunan enerji və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığı artırmaq barədə qərar qəbul etmişdilər.