ABŞ prezidenti Donald Tramp Rusiya Federasiyasının keçmiş prezidenti Dmitri Medvedevin bəyanatlarına cavab olaraq, iki ABŞ atom sualtı qayığının “lazımi mövqeyə” çatdığını açıqlayıb. D.Tramp bildirib ki, Moskva rəhbərliyi Ukraynadakı müharibəni sonlandırmazsa, Rusiya hökuməti yeni sanksiyalar və əlavə gömrük rüsumları ilə qarşılaşacaq.
D.Tramp bu açıqlamanı Nyu-Cersidə yerləşən qolf klubunu tərk etməzdən əvvəl jurnalistlərə verib. Sualtı qayıqların yerinə dair sualı cavablandıran Tramp: “Bölgədədirlər, bəli, lazımi yerdədirlər”, - deyə bildirib.
Xatırladaq ki, D.Medvedev iyulun 28-də D.Trampa sərt reaksiya verərək Ukrayna müharibəsi ilə bağlı Kremlinə yönəlik beynəlxalq təzyiqlərin təkcə Rusiya-Ukrayna arasında deyil, Rusiya ilə ABŞ arasında daha genişmiqyaslı qarşıdurmaya səbəb ola biləcəyini bildirib.
D.Tramp isə buna cavab olaraq Rusiyaya xəbərdarlıq edərək deyib: “Əgər rəsmi Moskva müharibəni 10–12 gün ərzində dayandırmasa, ABŞ tərəfindən sərt sanksiyalar və gömrük vergiləri tətbiq olunacaq. Ancaq Rusiya sanksiyalardan yayınmaqda olduqca mahirdir. Əgər insanların qırğınlarına son qoyulacaq bir razılaşma əldə olunsa, bəlkə də bu sanksiyalardan yayınmaq imkanı taparlar. Bu müharibədə çox sayda rus hərbçisi həyatını itirib. Eyni zamanda, Ukraynada da minlərlə insan həlak olub. Bu mənasız müharibə çoxsaylı insan itkisinə səbəb olur.”
Bundan başqa D.Tramp açıqlamasında onu da əlavə edib ki, onun xüsusi nümayəndəsi Stiv Vitkof gələn həftə Rusiyaya səfər edəcək.