Suriya Daxili İşlər Nazirliyi ölkənin cənubunda yerli silahlı qruplar və tayfalar arasında baş verən ölümcül toqquşmalardan narahatlığını ifadə edib və münaqişəyə son qoymaq üçün birbaşa müdaxilə edəcəyini vəd edib.
Suriyanın cənubundakı Suveyda vilayətində silahlı bədəvi qəbilə döyüşçüləri ilə druz milisləri arasında baş verən toqquşmalarda 30-dan çox adam ölüb, 100-ə yaxın nəfər yaralanıb. Bu məlumat Daxili İşlər Nazirliyinin iyulun 14-də yaydığı ilkin açıqlamalara əsaslanır.
Nazirlik iyulun 13-də gecə Suveydanın Əl-Maqous məhəlləsində "yerli silahlı qruplar və qəbilələr" arasında baş verən "qanlı hadisələr"lə bağlı dərin narahatlıq və kədər duyduğunu ifadə edib.
Nazirliyin açıqlamasında “Bu kontekstdə Daxili İşlər Nazirliyi təsdiq edir ki, öz güc bölmələri Müdafiə Nazirliyi ilə koordinasiya əsasında toqquşmaların dayandırılması, təhlükəsizliyin təmin edilməsi, günahkarların məsuliyyətə cəlb edilməsi üçün bölgəyə birbaşa müdaxilə edəcək”.
“İnstitutların çatışmazlığı”
SANA dövlət xəbər agentliyinin məlumatına görə, bölgədə yerləşdirilən bəzi ordu birlikləri mülki insanları qeyri-qanuni qruplaşmalardan qorumağa çalışarkən həyatını itirib. Lakin itkilər barədə əlavə məlumat verilməyib.
Suriyanın daxili işlər naziri Ənəs Xəttab Süveyda və ətrafında davam edən gərginliyin əsas səbəbi kimi “dövlət qurumlarının, xüsusən də hərbi və təhlükəsizlik qurumlarının olmaması”nı göstərib.
Nazir Xəttab "X" hesabında etdiyi paylaşımda "Yeganə həll yolu təhlükəsizlik tədbirlərini həyata keçirmək və qurumların rolunu aktivləşdirməklə mülki sülhü təmin etmək və bütün detalları ilə normal həyata qayıtmaqdır" deyib.
İyulun 13-də gecə Suveydada yerli bədəvi qəbilələri ilə druz milisləri arasında silahlı toqquşmalar baş verib, nəticədə dinc sakinlər və milis üzvləri ölüb və yaralanıb.
Təxminən 25 ildir Suriyanın diktatoru olan Bəşər Əsəd dekabrda Rusiyaya qaçaraq 1963-cü ildən hakimiyyətdə olan Baas Partiyası rejiminə son qoyub.
Yanvarda Suriyada Əhməd əl-Şaraanın rəhbərliyi ilə yeni keçid administrasiyası yaradılıb.