SİYASƏT
1 dəqiqə oxuma
Pakistan rəhbərliyi daşqın təhlükəsinə görə ordunu səfərbər edib
Güclü yağışlar Pəncabda fövqəladə vəziyyət yaradıb, minlərlə insan təxliyə olunub
Pakistan rəhbərliyi daşqın təhlükəsinə görə ordunu səfərbər edib
Pakistan / Reuters
27 avqust 2025 г.

Pakistan rəsmilərinin açıqlamasına görə, güclü yağışlar və Hindistanın daşan bəndlərdən su buraxması səbəbindən Pəncab əyalətində fövqəladə daşqın təhlükəsi yaranıb. Yeni Dehli hökuməti isə İslamabad rəhbərliyinə Satlec, Ravi və Çinab çaylarında gözlənilən güclü su axını barədə xəbərdarlıq edib.

Pakistan ordusu Pəncab bölgəsi rəhbərliyinin müraciəti əsasında, daşqından zərər çəkən rayonlarda yaşayan sakinlərin köçürülməsinə yardım məqsədilə vəzifələndirilib. Rəsmi açıqlamaya görə, hərbi birləşmələr Lahor, Okara, Feysalabad və Sialkot bölgələrində yerləşdirilib.

Pakistan Su Ehtiyatları Nazirliyi üç çayda da suyun yüksəlməsinin davam etdiyini, Pəncabın bir çox rayonunun yüksək daşqın riski altında olduğunu açıqlayıb. “Press Trust of India” agentliyinin məlumatına görə, Yeni Dehli rəhbərliyi Pakistanı əlavə olaraq Tavi çayında da daşqın ehtimalının artması barədə xəbərdar edib.

Pakistan Fövqəladə Hallar İdarəsi avqustun 26-da bildirib ki, təxminən 150 min nəfər daha təhlükəsiz ərazilərə təxliyə olunub. Çayların yaxınlığında yaşayan əhaliyə isə dərhal ərazini tərk etmək çağırışı edilib. Rəsmilər həmçinin qeyd ediblər ki, ölkənin müxtəlif bölgələrində avqustun 29-dan yeni yağış dalğası gözlənilir.

Qeyd edək ki, son həftələr Hindistan və Pakistan aramsız musson yağışları və daşqınlarla mübarizə aparır. Avqustun 14-dən bəri Pakistanın müxtəlif bölgələrində təxminən 500 nəfər həlak olub, onların əksəriyyəti şimal-qərbdəki Xeybər Paxtunxva əyalətində qeydə alınıb. İyunun 26-dan bəri isə ölkə üzrə ümumilikdə 800-dən çox insan həyatını itirib.

MƏNBƏ:TRT
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us