Xarici işlər nazirinin müavini Burhanəddin Duran Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri vəzifəsinə təyin olunub. Bu barədə müvafiq sərəncamı Prezident Rəcəb Tayyib Ərdoğan imzalayıb.
2018-ci il iyulun 25-dən etibarən bu vəzifəni icra edən Fəxrəddin Altun isə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri təyin edilib.
Burhanəddin Duran Boğaziçi Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər üzrə bakalavr, Bilkent Universitetinin isə siyasi elmlər üzrə doktorluq dərəcəsinə malikdir. O, daha əvvəl SETA Fondunun baş əlaqələndiricisi kimi çalışıb, 2018-ci ildə Prezidentin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü olub, 2024-cü ilin may ayında isə xarici işlər nazirinin müavini təyin edilib.
Fəxrəddin Altun sosial şəbəkədəki paylaşımında yeni təyinatını təsdiqlədiyini bildirib. O, 7 illik fəaliyyəti ərzində göstərilən etimad və dəstəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib:
“Məni bu vəzifəyə layiq görən prezidentə, ailəmə, Türkiyə Kommunikasiya Modeli üzərində yorulmadan çalışan həmkarlarıma və həqiqət uğrunda mübarizə aparan bütün media nümayəndələrinə ürəkdən təşəkkür edirəm.”
F.Altun Burhanəddin Duranı “illərlə yaxından əməkdaşlıq etdiyi dəyərli dost və qardaş” olaraq xarakterizə edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.