Ankara —
Türkiyənin paytaxtında əsən sərin meh, məktəblilərin ifasında səslənən – əvvəlcə Pakistanın, daha sonra isə Türkiyənin milli himnlərinin melodiyasını daşıyırdı.
Çərşənbə axşamı Pakistanın Türkiyədəki səfirliyi, ölkənin 85-ci Milli Gününü qeyd etmək məqsədilə möhtəşəm bir ziyafət təşkil edib. Tədbirdə diplomatlar, bürokratlar və yüzlərlə qonaq iştirak edib. Milli marşların səsləndiyi bu mərasim Türkiyə və Pakistan arasındakı möhkəm dostluğun bariz nümunəsinə çevrilib.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş tədbirdə çıxış edərək deyib:
“Türkiyə ilə Pakistan arasındakı münasibətlər, iki ölkə arasında nadir hallarda rast gəlinən nümunəvi dostluq əlaqələridir.”
Türkiyə və Pakistan Fələstin, Kəşmir, Şimali Kipr Türk Cümhuriyyəti və Qarabağ kimi strateji və həyati əhəmiyyət kəsb edən məsələlərdə ortaq mövqe sərgiləyirlər. Hər iki ölkə islamofobiyaya və müsəlmanlara qarşı nifrətə qarşı birlikdə mübarizə aparır. Xüsusilə Fələstin məsələsində Türkiyənin göstərdiyi güclü dəstək Pakistanın xarici siyasət prioritetləri ilə üst-üstə düşür. Terrorizm təhdidləri fonunda isə iki ölkə regional sabitlik uğrunda ortaq strateji maraqları paylaşır.
Numan Kurtulmuş çıxışında həmçinin deyib:
"Türkiyə, beynəlxalq platformalarda Pakistanın yanında olmağa davam edəcək. Türk milləti olaraq, Pakistanın müstəqilliyini əldə etdiyi gündən bu yana Pakistan xalqının yanında olmuşuq’’.
İllər ərzində iki ölkə arasındakı müdafiə əlaqələri daha da güclənib.
2023-cü ilə dair hesabatlara əsasən, Türkiyə hazırda Pakistanın ikinci ən böyük silah tədarükçüsüdür. Rəsmi Ankara həmin il 21 milyon dollar dəyərində silah və sursat ixrac edib ki, bu da Pakistanın ümumi silah tələbatının 11 faizini təşkil edir.
Ankara və İslamabad texnologiya transferi, birgə istehsal və əməkdaşlıq layihələri vasitəsilə yerli müdafiə imkanlarını inkişaf etdirməyə davam edir.
Ortaq Dini və Mədəni İrs
Səfirlikdə keçirilən tədbirdə Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər, Ticarət Naziri Ömər Bolat, keçmiş Baş Nazir Binəli Yıldırım və Quru Qoşunları Komandanlığının yüksək vəzifəli şəxsləri fəxri qonaq qismində iştirak ediblər.
Hərbi qulluqçular, mülki iştirakçılarla çiyin-çiyinə dayanaraq, Türkiyə ilə Pakistan arasındakı qardaşlıq əlaqələrinə olan hörmətlərini nümayiş etdirdilər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Pakistanın Türkiyədəki səfiri Yousaf Junaid iki ölkəni birləşdirən ortaq dini və mədəni irsdən böyük həvəslə danışıb.
"Pakistan və Türkiyə dost deyil, qardaşdırlar. Bu dostluq, ortaq dini, dil və mədəni irsə əsaslanır," - Junaid bildirib.
Pakistan səfiri Birinci Dünya Müharibəsindən sonra İstiqlal Müharibəsi dövründə yarım qitədəki müsəlmanların pul, zinət əşyaları və qiymətli əşyalarla verdiyi dəstəyi xüsusi olaraq vurğulayıb. Xüsusilə, Cənubi Asiyalı müsəlman qadınlar şəxsi zinət əşyalarını bağışlayıblar.
"Türkiyənin Qurtuluş Döyüşü zamanı baş verənlər, qardaşlığımızın kiçik bir nümayişidir. Biz həmişə daha çox şey etmək istəyirdik, lakin o zamanlar imperiya idarəçiliyi altında idik və yalnız məhdud dəstək verə bilirdik," - deyə səfir əlavə edib.
Tədbir zamanı Pakistanın təbii gözəlliklərini və möhkəmliyini əks etdirən sənədli filmlər nümayiş etdirildi. Uşaqlar vətənpərvərlik mahnıları ifa edib. Bu arada, yaxınlıqdakı mənzillərin eyvanlarından şənliyi izləyənlər də olub.
Pakistan səfiri Türk iş dünyasını Pakistan iqtisadiyyatına sərmayə qoymağa çağırıb. O, bildirib ki, Pakistanın iqtisadiyyatında valyuta ehtiyatlarından tutmuş birbaşa xarici investisiyalara qədər hər sahədə irəliləyişlər mövcuddur.
Hazırda iki ölkə arasında ticarət dövriyyəsi təxminən 1,3 milyard dollar təşkil edir. Hədəf isə bu həcmii 5 milyard dollara çatdırmaqdır. 2024-cü ildə Türkiyənin Pakistana ixracı 918 milyon dollara çatıb.
Statistikalar, iki ölkə arasında böyük ticarət potensialının mövcud olduğunu göstərir.
"Bütün türk dostlarıma demək istəyirəm ki, biz bu nümunəvi dostluğu iqtisadi dünyaya daşımalı və birlikdə inkişaf etdirməliyik," - deyə Pakistan səfiri əlavə edib.