ABŞ Dövlət Departamenti ölkəyə daxil olmaq üçün verilmiş bütün vizaların davamlı şəkildə yoxlamadan keçdiyini açıqlayıb. Qurumun məlumatına görə, viza şərtlərini pozan, cinayət fəaliyyətində iştirak edən, ictimai təhlükəsizliyə təhdid yaradan, terror əməliyyatlarına qatılan və ya terror təşkilatlarına dəstək verdiyi müəyyən edilən şəxslərin vizaları ləğv edilə bilər.
Dövlət rəsmisisi avqustun 21-də bildirib ki, hazırda qüvvədə olan ABŞ vizasına sahib 55 milyondan çox əcnəbinin hamısı bu nəzarət prosesinə daxildir. O vurğulayıb ki, xüsusən tələbələr üçün yoxlamalar intensivləşdirilib və bütün tələbə vizaları ayrıca araşdırılır. Qurumun rəsmisi həmçinin əlavə edib ki, viza sahibi əcnəbilərin sosial media hesabları da diqqətlə izlənilir.
Dövlət katibi Marko Rubio isə xüsusən İsrail əleyhinə etirazlarda iştirak edən şəxsləri hədəf alaraq, ABŞ-ın xarici siyasət maraqlarına zidd davrandığı iddia edilənlərin vizalarının ləğvini tələb edib. Departamentin məlumatına görə, M.Rubio və prezident Donald Trampın vəzifəyə başladığı yanvar ayından bəri 6 min viza ləğv olunub. Bu göstərici, ötən il eyni dövrdə prezident Co Bayden administrasiyası tərəfindən ləğv edilən vizaların sayından dörd dəfə çoxdur.
Qeyd edək ki, M.Rubio administrasiyanın məhkəmə qərarı olmadan viza verə və ya ləğv edə biləcəyini iddia edir. O, ABŞ vətəndaşı olmayan şəxslərin ABŞ Konstitusiyasının təmin etdiyi söz azadlığı hüququndan faydalana bilməyəcəyini də əsas gətirir.
Lakin hüquqşünaslar bir sıra mühüm məhkəmə işlərində bu arqumenti rədd ediblər.