İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə toplantısı regional əməkdaşlığın gücləndirilməsi və yeni hədəflərin müəyyən edilməsi ilə başa çatıb.
Azərbaycanın Xankəndi şəhərində keçirilən sammitdə ölkənin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi genişmiqyaslı yenidənqurma və inkişaf səyləri yüksək qiymətləndirilib.
Sənəddə qeyd olunub ki, İƏT üzv dövlətləri iqtisadi dayanıqlıq və iqlimə davamlılığı gələcək fəaliyyət gündəliyinin əsas prioritetləri kimi müəyyən etmək barədə razılığa gəliblər. Bu kontekstdə bərpa olunan enerji mənbələrinin inkişafı, iqlimə uyğun kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması və biomüxtəlifliyin qorunması sahələrində birgə addımların atılmasının vacibliyi qeyd olunur.
İƏT-ə üzv ölkələrin qadın liderlərinin ekoloji təşəbbüsləri, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Türkiyənin birinci xanımı Əminə Ərdoğanın irəli sürdüyü “Sıfır tullantı” təşəbbüsü yüksək qiymətləndirilib.
Bəyannamədə süni intellekt, blokçeyn, kosmik texnologiyalar və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə İƏT Süni İntellekt Mərkəzi kimi qurumların fəaliyyətinin gücləndirilməsi də öz əksini tapıb.
Qəzzada humanitar vəziyyətin kəskin şəkildə pisləşməsi ilə bağlı ciddi narahatlıq ifadə olunub, humanitar yardımların fasiləsiz çatdırılması və davamlı atəşkəsin təmin olunması çağırışı edilib.
Bəyannamədə həmçinin İsrailin İrana qarşı son hücumlarından narahatlıq bildirilib, beynəlxalq hüquqa hörmətin vacibliyi və fikir ayrılıqlarının dialoq yolu ilə həll olunmasının əhəmiyyəti vurğulanıb.
Hindistan və Pakistan arasında artan gərginliyə diqqət çəkilərək tərəflərə diplomatik həll yollarının tapılması ilə bağlı çağırış edilib.
Bəyanatda İƏT-in növbəti – 18-ci Zirvə toplantısının 2027-ci ildə İranda keçiriləcəyi qeyd olunub.