Pakistanın şimalında hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub. Bu barədə hökumət sözçüsü məlumat verib. Onun sözlərinə görə, qəza nəticəsində iki pilot və üç texniki işçi həyatını itirib.
Regional hökumətin sözçüsü Faizullah Farak bildirib ki, helikopter Qilqit-Baltistan bölgəsində texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Hadisə ilə bağlı ətraflı məlumat verilməsə də, o, səlahiyyətli orqanların araşdırma apardığını qeyd edib.
Sözçünün sözlərinə görə, helikopter Qilqit-Baltistan hökuməti tərəfindən bölgədəki son yağışlar və daşqınlardan sonra yardım və xilasetmə missiyaları üçün istifadə olunurdu.
Hadisə yerinə cəlb olunan xilasedicilər artıq əməliyyatlara başlayıblar.
Qəzanın dəqiq səbəbi hələ açıqlanmasa da, ilkin ehtimallara görə, texniki nasazlıq qəzanın baş verməsinə səbəb olub.
Qeyd edək ki, ötən ay da oxşar hadisə baş vermişdi. Daşqınlardan zərər çəkmiş şimal-qərb Bajaur rayonuna yardım ləvazimatları daşıyan helikopter qəzaya uğramış, nəticədə 5 nəfər həyatını itirmişdi.
Bundan əlavə, 2024-cü ilin sentyabrında Pakistanın şimal-qərbində mühərrikində yaranan nasazlıq səbəbindən başqa bir helikopter də qəzaya uğramış, həmin hadisədə isə 6 nəfər həlak olmuşdu.