Niderland hökuməti İsrailin maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiya tətbiq edərək onları “arzuolunmaz şəxslər” elan edib. Beləliklə, Niderland bu qərarla sözügedən nazirlərə giriş qadağası qoyan yeddinci ölkə olub.
Hollandiya mediasının yaydığı məlumata görə, hökumət bu addımı B.Smotriç və İ.Ben-Qvirin Qəzzada "etnik təmizləmə" çağırışları səbəbilə atıb.
Niderlandın XİN rəhbəri Kaspar Veldkamp parlamentdə keçirilən müzakirələr zamanı çıxışında bildirib ki, adıçəkilən iki nazir dəfələrlə fələstinlilərə qarşı zorakılığa təşviq edib, qanunsuz yəhudi yaşayış məntəqələrinin genişləndirilməsinin tərəfdarı olub və Qəzzada etnik təmizləmə çağırışları səsləndirib.
Bununla yanaşı iyulun 28-də hökumət tərəfindən yayımlanan məktubda bildirilir ki, Niderland İsrailin səfirini də Xarici İşlər Nazirliyinə çağıraraq Qəzzadakı "dözülməz və müdafiəolunmaz" vəziyyəti qınayacağını açıqlayıb.
Niderlandın Baş naziri Dik Şof isə bəyan edib ki, hökumət İsrailə qarşı əlavə tədbirlər görməyi nəzərdən keçirir. O, Avropa İttifaqının İsrailin Qəzzaya humanitar yardımın daxil olmasına maneə yaratdığını rəsmi şəkildə təsdiqləyəcəyi təqdirdə, Aİ-nin "Horizon" tədqiqat proqramına İsrailin iştirakının dayandırılması istiqamətində dəstək verməyə hazır olduğunu söyləyib.
Xatırladaq ki, radikal fikirləri ilə tanınan İ.Ben-Qvir daha əvvəl Qəzzaya "tam mühasirə" tətbiq olunmasını tələb etmiş və "Qəzzada mülki vətəndaş yoxdur" deyə bəyanat vermişdi. B.Smotriç isə İsrailin Qəzzanı işğal etməli olduğunu və fələstinli əhalinin sayının azaldılmasını müdafiə edərək “İsrail artıq işğal sözündən qorxmamalıdır” demişdi. Bu fikirlər beynəlxalq ictimaiyyət tərəfindən soyqırım və zorakılığa açıq çağırış kimi qiymətləndirilərək geniş şəkildə qınanıb.
Qeyd edək ki, indiyədək ümumilikdə yeddi ölkə – Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Norveç, Sloveniya və indi də Niderland – İsrailli nazirlərə fələstinlilərə qarşı zorakılığı təşviq etdiklərinə və işğal altındakı İordan çayının qərb sahilində qanunsuz yaşayış məntəqələrinin genişlənməsini dəstəklədiklərinə görə onlara öz ərazilərinə giriş qadağası qoyub.