“Liverpul”un misirli ulduz futbolçusu Məhəmməd Salah İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının (PFA) kişi futbolçular arasında təqdim etdiyi “İlin Futbolçusu” mükafatını üçüncü dəfə qazanaraq tarixə düşüb. O, bu mükafatı üç dəfə əldə edən ilk futbolçudur.
Xatırladaq ki, 33 yaşlı futbolçu ötən mövsüm “Liverpul”u İngiltərə Premyer Liqasının 20-ci çempionluğuna daşımaq üçün 29 qol vurub və 18 məhsuldar ötürmə edib. Bu nailiyyəti ilə “qırmızılar”ın tarixi zəfərinə böyük töhfə verib. Misirli hücumçu daha əvvəl də bu mükafatı 2017/18 və 2021/22 mövsümlərində qazanmışdı.
Həmçinin M.Salah 2024/25 mövsümündə açıqlanan PFA “İlin komandası”nda da yer alıb. Onunla yanaşı “Liverpul”un kapitanı Vircil van Deyk, Rayan Qravenberx və Aleksis Mak Allister də siyahıya daxil edilib.
Bundan əlavə, “Aston Villa”nın futbolçusu Morqan Rocers İngiltərə millisində debüt etməsinə səbəb olan parlaq çıxışı ilə “İlin Gənc Futbolçusu” mükafatına layiq görülüb.
Rekorddan rekorda
2017-ci ildə “Liverpul”a transfer olunduqdan sonra M.Salah “Çelsi”dəki uğursuz keçmişi səbəbilə mümkünsüz sayılan saysız-hesabsız rekordlara imza atıb. O, “Liverpul”da keçirdiyi ilk mövsümündə “Premyer Liqa”da 32 qol vuraraq Kriştianu Ronaldonun və Luis Suaresin 31 qolluq rekordunu arxada qoyub.
Yaxın günlərdə əldə etdiyi PFA mükafatından əvvəl isə M.Salah Premyer Liqanın açılış oyununda da qol vuraraq, ardıcıl 10 mövsüm açılış matçında qol sevinci yaşayan ilk futbolçu kimi tarixə düşüb.
Milli komanda formasında 58 qolu olan M.Salah 68 qolla Misir millisinin ən yaxşı bombardiri olan Hüsam Həsənin ardından ikinci pillədə qərarlaşıb.
Azarkeşlərin “Misirli Kral” adlandırdığı M.Salah aprel ayında “Liverpul”la müqaviləsini iki il uzadaraq uzun müddətdir davam edən Səudiyyə Ərəbistanı “Pro Liqası”na transferi ilə bağlı şayiələrə son qoyub.