ABŞ prezidenti Donald Tramp sentyabrın 7-də bəyan edib ki, bəzi Avropa liderləri Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı müzakirələr aparmaq üçün bazar ertəsi və ya çərşənbə axşamı ABŞ-a səfər edəcəklər.
Nyu-Yorkda keçirilən ABŞ Açıq Tennis Turnirindən qayıtdıqdan sonra jurnalistlərə açıqlama verən Donald Tramp yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini də bildirib.
“Bəzi Avropa liderləri bazar ertəsi və ya çərşənbə axşamı ölkəmizə gəlir”, – deyə Donald Tramp qeyd edib.
Donald Trampın konkret olaraq hansı liderləri nəzərdə tutduğu açıqlanmayıb və Ağ Ev bu barədə əlavə məlumat tələbinə dərhal cavab verməyib.
Ukrayna rəsmilərinin bildirdiyinə görə, bazar günü Rusiyanın genişmiqyaslı hava hücumu nəticəsində Kiyevdəki əsas hökumət binasında yanğın baş verib. Bu sualla bağlı fikrini bildirən Donald Tramp Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyətindən "məmnun olmadığını" deyib.
Lakin prezident əmin edib ki, müharibə tezliklə başa çatacaq.
“Rusiya-Ukrayna məsələsini biz həll edəcəyik”, – deyə Donald Tramp vurğulayıb.