Şimali Koreya Rusiyaya 12 milyondan çox 152 millimetrlik artilleriya mərmisi göndərib. Bu barədə “Yonhap” xəbər agentliyi Cənubi Koreya hərbi mənbələrinə istinadən məlumat yayıb.
Cənubi Koreya Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Departamentinin (DİA) əsas müxalifət partiyasından olan bir millət vəkilinə təqdim etdiyi hesabatda bildirilib ki, Şimali Koreyanın Rusiyaya ümumilikdə 28 min konteyner silah və sursat göndərdiyi ehtimal olunur.
İyunun sonunda Cənubi Koreyanın kəşfiyyat orqanı qarşıdakı iki ay ərzində Şimali Koreyanın Rusiyaya daha çox əsgər göndərə biləcəyini də istisna etməyib.
2024-cü ilin iyununda Pxenyanda Şimali Koreya lideri Kim Çen In ilə Rusiya Prezidenti Vladimir Putin arasında imzalanan strateji tərəfdaşlıq sazişindən sonra Şimali Koreya Rusiyanın həm müharibə, həm də yenidənqurma səylərinə dəstək verərək Ukrayna sərhədində yerləşən Kursk bölgəsinə minlərlə hərbçi göndərib.