Suriya mediası İsrail qüvvələrini işğal altındakı Qolan təpələri yaxınlığında yerləşən Əl-Kuneytra əyalətindəki kənd təsərrüfatı sahələrini qəsdən yandırmaqda ittiham edib.
"Alikhbaria Suriye" telekanalının yaydığı məlumata görə, İsrail qüvvələri Suriyanın cənub-qərbindəki Əl-Rafid şəhəri yaxınlığında onlarla hektar ərazini bilərəkdən yandırıb. Bildirilir ki, BMT əməkdaşları yanğını söndürməyə çalışsalar da, nəzarət altına almaqda çətinlik çəkiblər.
Əyalət rəsmisi Məhəmməd əl-Səid Anadolu agentliyinə verdiyi müsahibədə bildirib ki, İsrail 2024-cü ilin dekabrında Bəşər Əsədin devrilməsindən sonra Yarmuk hövzəsi də daxil olmaqla, əyalətin şimal hissəsində səkkizdən çox hərbi baza yaradıb. Onun sözlərinə görə, bu bazalar 1974-cü ildə imzalanmış qüvvələrin bölgüsü sazişi çərçivəsində yaradılmış bufer zonası daxilində tikilib və bu, həmin razılaşmanın açıq şəkildə pozulması deməkdir.
Qeyd edək ki, İsrail 1967-ci il Yaxın Şərq müharibəsi zamanı Qolan təpələrinin böyük hissəsini ələ keçirib və daha sonra isə ilhaq edib. Lakin bu ilhaq beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb.
Yanvar ayında Bəşər Əsədin Rusiyaya getməsi və prezident Əhməd əl-Şaraanın rəhbərliyi ilə keçid hökumətinin qurulmasından sonra İsrail Suriyaya qarşı hücumlarını artırdı. İsrail qüvvələri bölgədəki hərbi mövqeləri, maşınları və silah anbarlarını hədəf alıb, nəticədə onlarla mülki şəxs həyatını itirib.